Xarakter və gedişindən asılı olmayaraq ,müxtəlif xəstəliklər zamanı müalicəvi effekt almaq üçün ,istifadə olunan dərman preparatları orqanizmə təkrari olaraq yeridilir.
Belə ki,təkrari qəbulda dərman maddələrinin effekti arta və ya azala bilər.Effektin yüksəlməsinə dərman maddələrinin istər sensiblizəedici ,istərsə də kumulyativ (orqanizmdə toplanması) təsir xüsusiyyətləri səbəb ola bilər.Kumulyativ təsirin iki növü vardır.Maddi kumulyasiya -yəni farmakoloji maddələrin özünün orqanizmdə toplanması (məs.ürək qlikozidləri ,yuxugətirici maddələr )və funksional kumulyasiya .Sonuncuda orqanizmdə maddənin özü yox,onun effekti toplanır.
Bəzi dərman maddələrinin (hipotenziv preparatlar ,işlədici maddələr,analgetiklər vəs) təkrari qəbulu zamanı onların əsas təsir effekti azala bilər.Buna tolerantlıq (öyrəşmə) halı deyilir.Sürətlə baş verən tolerantlıq halına taxifilaksiya deyilir.(məs.efedrinin 10-15 dəq fasilərlə təkrari inyeksiyasında qan təzyiqi ,preparatın ilkin dozası ilə müqayisədə çox az yüksəlir.)
Müəyyən qrup maddələri (xüsusən,MSS-nə təsir göstərən preparatlar )təkrari qəbulda dərman asılılığı halı törədirlər.Dərman asılılığı iki cür ola bilir-psixi və fiziki asılılıq.Psixi asılılıq zamanı orqanizmdə üzvi-destruktiv pataloji pozğunluq baş vermir.Başqa sözlə,dərman maddəsi qəbulunun dayandırılması yalnız əsəbilik,gərginlik,oyanıqlıq,əhval-ruhiyyənin nisbi pisləşməsilə müşayiət olunan emosional diskomfort halı törədir(məs.nikotinə,halyusinogenlərə qarşı).Fiziki asılılıq zamanı isə dərman maddələri qəbulunun birdən dayandırılması dərin üzvi dəyişikliklərlə müşahidə olunan kəskin psixi və visseral pozğunluqlara ,ağır hallarda isə hətta ölümə səbəb ola bilər.Buna abstinensiya sindromu və ya məhrumetmə halı deyilir ki,onun da müalicəsi çətin ,ağır və üzücü bir prosesdir.
Azərbaycan Tibb Universiteti
Musa Qəniyev "FARMAKOLOGİYA" Bakı-2008